Sərhəddə layiqli cavab alan Ermənistan anladı ki, dəmir yumruq yerindədir - Könül Nurullayeva

20:03 16.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatların intensivləşdiyini müşahidə edirik.

Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, rəsmi məlumatdan da aydın oldu ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb. Döyüş postlarımıza hücum olunub. Hətta hərbçilərimiz arasında yaralananlar da var:

"Bu, Ermənistanın açıq hərbi-siyasi təxribatıdır. Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri, burada hərbi təyinatlı müşavirələr keçirməsi sülh prosesini pozmaq cəhdi idi.

Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması da göstərdi ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir, regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycanla sərhədlərin delimitasiyasında maraqlı deyil. Təbii ki, mövcud vəziyyətdə baş verən bütün insidentlərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

2020-ci il 10 noyabr üçtərəfli bəyantından sonra Azərbaycan bu sənədin icrası ilə bağlı konkret addımlar atsa da, Ermənistan bunun əksini etdi. Razılaşmanın müddəalarını yerinə yetrmədi və bu gün yerinə yetirmək istəmir. Sərhəddə təxribatlar törətməklə, diversant qruplardan istifadə edərək, bölgədə gərginiliyi artırmaqla sülh prosesini pozmağa cəhd edirdi. Amma Azərbaycan hər nə qədər Ermənistana yeni mərhələdə əməkdaşlıq təklif etsə də, qeyri-adekvat davranışlara sərt cavab veriləcyini də bəyan edirdi. Müzəffər Ali Baş Komandan hər zaman bəyan edib ki, dəmir yumruq yerindədir, Ermənistanın təxribatları heç bir halda cavabsız qalmayacaq. Bu gün sərhəddə baş verənlər bunu bir daha təsdiqlədi. Ermənistanın hücumu iflasa uğradı, əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. Bu məsələdə heç kim Azərbaycanı ittiham edə bilməz. Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər. Azərbaycan bütün addımları hüquqi çərçivədə atır".